
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala RPŞ-nin rəisi polis polkovniki cənab Vəfadar Orucovun qəbulunda Zaqatala rayon Qandax kənd sakini olub. Qəbul zamanı rəisin etik davranış kodekslərindən yüksək səviyyədə razı qalan qadın, polis şöbəsindən çıxan kimi ilk öncə Facebook sosial şəbəkə üzərindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərhal təşəkkür məktubu ünvanlayıb. Ayrıca olaraq da rəsmi təşəkkür məktubu ünvanlacağını bildirib.
Zaqatala rayon sakininin polis rəisi ilə bağlı Azərbaycan Respublikasının DİN-nin rəhbərliyinə ünvanladığı təşəkkür məktubunun məzmununu Siz dəyərli izləyicilərə təqdim edirik.
Əvvəlcədən fürsətdən istifadə edərək, həm polis rəisimizə, həm də polis əməyinə düzgün qiymət verən vətəndaşa redaksiya heyyətimizin rəhbəri başda olmaqla, bütün əməkdaşlarımız adından təşəkkür edirik.
Zaqatala rayon, Qandax kənd sakini Şirinova Fəranə Qurban qızı tərəfindən:
TƏŞƏKKÜR MƏKTUBU
Hörmətli cənab Nazir!
Mən Sizə rəhbərlik etdiyiniz Daxili İşlər Nazirliyi sistemində vətəndaş müraciətlərinə göstərilən həssas münasibətə və insan amilinə verilən yüksək dəyərə görə dərin minnətdarlığımı ifadə etmək istəyirəm.
09 iyun 2026-cı il tarixində həyat yoldaşımla birlikdə Zaqatala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucovun qəbulunda oldum. Qəbul zamanı qızıma məxsus avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində ailəmizin üzləşdiyi ağır vəziyyət barədə məlumat verdim.
Etiraf etməliyəm ki, qəbul otağına böyük narahatlıq və ümidsizlik hissi ilə daxil olmuşdum. Lakin, bizi ilk öncə qəbul edib, bizi diqqətlə dinləyən rəis müavini Elnur müəllimin və daha sonra hörmətli rəis, polis polkovniki cənab Vəfadar Orucovun vətəndaşa göstərdiyi diqqət, qayğıkeşlik, səmimiyyət və yüksək insani münasibət məndə dövlət-vətəndaş münasibətlərinə olan inamı daha da gücləndirdi.
Qəbul zamanı məni ən çox təsirləndirən məqamlardan biri onun söylədiyi sözlər oldu. Vəziyyətimizi diqqətlə dinlədikdən sonra cənab rəis böyük səmimiyyətlə bildirdi ki, "Lazım gələrsə, Sizə dəymiş ziyanı öz cibimdən ödəyərəm, amma qoymaram ki, nə Sizin, nə qızınızın, nə də hər hansı bir ailənin dağılmasına səbəb olsun."
Bu sözlər mənim üçün sadəcə təsəlli deyil, vətəndaşın problemini öz problemi kimi qəbul edən dövlət qulluqçusunun yüksək mənəvi keyfiyyətlərinin təzahürü idi. Həmin an mən qarşımda sadəcə polis rəisini deyil, vətəndaşın dərdinə şərik olan, insan taleyinə biganə qalmayan əsl dövlət nümayəndəsini gördüm.
Qeyd etmək istəyirəm ki, bundan bir gün əvvəl – 08 iyun 2026-cı il tarixində Zaqatala Rayon Polis Şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini Daşqın müəllim tərəfindən də qəbul edilmişdik. O da müraciətimizə diqqətlə yanaşmış, qanun çərçivəsində bütün imkanlardan istifadə ediləcəyini bildirmişdi. Hər iki rəhbər şəxsin vətəndaşlarla davranışı, problemlərə həssas yanaşması və məsuliyyətli mövqeyi məndə Azərbaycan Polisinin fəaliyyətinə olan etimadı daha da artırdı.
Bu gün ölkəmizdə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən vətəndaş məmnunluğuna əsaslanan dövlət idarəçiliyi siyasətinin real nəticələri məhz belə nümunəvi rəhbərlərin fəaliyyətində öz əksini tapır.
Fürsətdən istifadə edərək, Zaqatala Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Vəfadar Orucova və Əməliyyat İşləri üzrə rəis müavini Daşqın müəllimə və Elnur müəllimə göstərdikləri yüksək diqqətə, vətəndaşa nümunəvi münasibətə, peşəkarlıqlarına və humanist yanaşmalarına görə səmimi təşəkkürümü bildirir, onların fəaliyyətinin rəhbərlik tərəfindən yüksək qiymətləndirilməsini xahiş edirəm.
Hörmətlə,
Şirinova Fəranə Qurban qızı
Tarix: 09 iyun 2026
"KORRUPSİYAXƏBƏR"