

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzləri tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib.
Nazirlikdən "KORRUPSİYAXƏBƏR" ə verilən xəbərə görə, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi böyük ehtiramla yad olunub.
Şəxsi heyət, həmçinin böyük Zəfərin tarixi ilə əlaqədar yaradılmış kompleks və muzeylərə də baş çəkərək cəsur əsgər və zabitlərimizin şərəfli döyüş yolu ilə tanış olublar.
Nazirliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xatırlanıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi işğalçı dövlətin kapitulyasiya aktına imza atması ilə nəticələndi. Cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edildi. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni hərbi birləşmələrə qarşı 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri həyata keçirilib və nəticədə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunub.
Tədbirlərdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin hər bir vətəndaş üçün qürur mənbəyi olduğu qeyd olunub, bu Qələbə ilə dövlət başçısı tərəfindən daha qüdrətli və çiçəklənən yeni Azərbaycanın qurulması istiqamətində tarixi dövrün başlandığı vurğulanıb.
Toplantılarda Zəfər Günü ilə bağlı film nümayiş olunub.



















KORRUPSİYAXƏBƏR