
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan Azərbaycan milli-mənəvi dəyərlərinə, ailə institutuna və milli mədəniyyətimizə göstərdiyi hörmətə görə müğənni Ofelya Şabanovaya təşəkkürünü bildirib.
Elyaz Yazan qeyd edib ki, son illər cəmiyyətimizdə milli dəyərlərin qorunması məsələsi daha da aktuallaşıb və bu prosesdə ictimai nüfuz sahibi olan sənət adamlarının üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, tamaşaçı qarşısına çıxan, geniş auditoriyaya təsir imkanlarına malik olan sənətçilərin davranışları, geyim mədəniyyəti və ictimai mövqeləri xüsusilə gənc nəslin formalaşmasına təsir göstərir.
"Kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin və televiziya məkanının həyatımızda mühüm yer tutduğu bir dövrdə sənət adamlarının milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşması təqdirəlayiq haldır. Ofelya Şabanovanın həm geyim tərzi, həm də ictimai çıxışlarında Azərbaycan ailə dəyərlərinə, milli ənənələrimizə və mənəvi prinsiplərimizə həssas münasibət nümayiş etdirməsi diqqətdən yayınmır. Bu, cəmiyyətimiz tərəfindən müsbət qarşılanmalı və dəstəklənməlidir", – deyə Elyaz Yazan bildirib.
Portal rəhbəri vurğulayıb ki, milli kimliyin qorunması təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın, xüsusilə də tanınmış şəxslərin mənəvi borcudur. Onun fikrincə, milli dəyərlərə hörmət nümayiş etdirən sənətçilər gənclərə nümunə olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin və mənəvi irsinin yaşadılmasına da töhfə verirlər.
Elyaz Yazan bildirib ki, cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində müsbət nümunələrin önə çıxarılması vacibdir:
"Biz çox vaxt mənfi halları tənqid edirik, lakin müsbət nümunələri də qeyd etməyi bacarmalıyıq. Hesab edirəm ki, milli dəyərlərimizə hörmət edən, öz fəaliyyəti ilə cəmiyyətə düzgün mesajlar verən sənət adamları təşəkkürə və ictimai dəstəyə layiqdirlər. Bu baxımdan Ofelya Şabanovaya Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə göstərdiyi hörmətə görə təşəkkür edir, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram."
"KORRUPSİYAXƏBƏR" olaraq hesab edirik ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği cəmiyyətimizin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə nümunəvi mövqe nümayiş etdirən hər bir şəxsin fəaliyyəti təqdir olunmalı və ictimaiyyətə təqdim edilməlidir.
Hörmətlə:
KORRUPSİYAXƏBƏR