
Şəkidə güclü yağış fəsadları: kəndləri su basıb, sakinlər köməksiz qaldı
"KORRUPSİYAXƏBƏR" ə daxil olan məlumata görə, bu gün ölkənin şimal-qərb bölgəsində müşahidə olunan intensiv yağışlar Şəki rayonunun bir sıra yaşayış məntəqələrində ciddi problemlərə səbəb olub. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, xüsusilə Böyük Dəhnə kəndi ərazisində küçələri və həyətyanı sahələri yağış suları basıb, mövcud vəziyyət isə sakinlərin gündəlik həyatını iflic edib.
Sakinlərin sözlərinə görə, güclü yağıntı nəticəsində kənddaxili yollar keçilməz vəziyyətə düşüb, bəzi evlərin həyətlərinə və təsərrüfat sahələrinə su dolub. Ən ciddi narazılıq isə aidiyyəti qurumların hadisəyə operativ reaksiya verməməsi ilə bağlıdır.
Vətəndaşlar bildirirlər ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalların təmizlənməməsi, suötürücü xətlərin baxımsız vəziyyətdə qalması və ümumilikdə infrastruktur problemləri illərdir öz həllini tapmır. Nəticədə hər güclü yağış zamanı kəndlərdə oxşar mənzərə yaranır.
Məsələ ilə bağlı ortaya bir sıra ciddi suallar çıxır:
Yağış sularının kənd ərazilərinə dolmasının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Suötürücü kanalların və drenaj sistemlərinin vəziyyətinə hansı qurum nəzarət edir?
Niyə sakinlərin əvvəlki müraciətləri nəticəsiz qalıb?
Fövqəladə vəziyyət zamanı aidiyyəti qurumların operativ fəaliyyəti niyə hiss olunmur?
Qeyd edək ki, bu kimi hallara nəzarət əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, yerli icra nümayəndəlikləri və zəruri hallarda Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməlidir. Xüsusilə yağış kollektorlarının, arxların və drenaj xətlərinin təmiz saxlanılması yerli aidiyyəti qurumların birbaşa vəzifələrindən hesab olunur.
Hazırda sakinlər aidiyyəti dövlət qurumlarından operativ müdaxilə, ərazilərdə texnikaların cəlb olunması və problemin köklü şəkildə həllini tələb edirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
"KORRUPSİYAXƏBƏR"