

Dövlətimizin başçısı bu sahəyə verdiyi xüsusi önəm nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən müasir, döyüş qabiliyyəti yüksək olan ordularından birinə çevrilmişdir. “Biz müharibəyə hazır idik. Güclü ordumuz var idi və bu müharibədə Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, mübariz, yenilməz, qəhrəman bir xalqdır”, – deyə Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin nəticələrini dəyərləndirərkən bildirmişdi. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və xalq-ordu birliyinin əzəmətini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə istənilən vəzifəni yerinə yetirmək, torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. 2020-ci ilin 8 noyabrında Şuşa şəhərinin işğaldan azad olunması ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu və bu tarixi Zəfər Prezident İlham Əliyevin dilindən dünya ictimaiyyətinə qürurla bəyan edildi: “Əziz Şuşa, biz səni azad etdik!” Xalqla ordu birliyi isə qələbənin əsas təminatçısı oldu. Azərbaycan Ordusunun qüdrəti təkcə hərbi texnika və hazırlıqla ölçülmür. Ordumuzun əsas gücü xalqla birliyində, Vətən sevgisində, milli ruhundadır. Müharibə dövründə xalqımız orduya necə böyük dəstək verdiyini bir daha sübut etdi. Könüllülərin cəbhəyə axını, arxa cəbhədəki həmrəylik, xalqın Ali Baş Komandana sonsuz inamı Vətən müharibəsinin taleyini müəyyən edən mühüm amillərdən oldu. Bu birliyi Ümummilli Lider Heydər Əliyev zamanında belə ifadə etmişdi: “Xalq orduya arxa olmasa, ordu heç bir müharibədə qalib gələ bilməz”.
Bu gün Azərbaycan xalqı ordusu ilə fəxr edir. Çünki bu ordu 30 illik işğal səhifəsini bağlayaraq tarix yazdı. Şəhidlərimizin qanı yerdə qalmadı, hər bir qazimizin, əsgər və zabitimizin mübarizəsi zəfərlə nəticələndi. Beləliklə hünərlə deyə bilərik ki, 26 İyun – Azərbaycan əsgərinin şərəf günüdür. Bu gün biz, Azərbaycan əsgərinin hünərinə, zabitlərimizin rəşadətinə, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinə ehtiramla baş əyirik. 26 İyun – Azərbaycan əsgərinin şərəf günüdür, bu gün hər bir vətəndaş üçün qürur və fəxarət mənbəyidir.
Prezident İlham Əliyevin bir fikri bu gün üçün əsl manifestdir: “Biz bu ordu ilə fəxr edirik. Azərbaycan Ordusu Zəfər Ordusudur. Biz bu ordunun gücünə arxalanırıq. Bundan sonra da Azərbaycan əsgəri, Azərbaycan zabiti daim Vətənin keşiyində olacaq”. Azərbaycan Ordusu artıq regionun ən güclü hərbi qüvvəsi kimi dünya hərb tarixində öz yerini tutmuşdur. Bu ordu yalnız torpaqlarımızı azad etmədi, həm də sarsılmaz dövlət iradəsini, xalq-ordu birliyinin möhkəmliyini, vətənpərvərlik duyğularının sönməzliyini dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu sadəcə silahlı birləşmələrin adı deyil. Bu, xalqımızın milli kimliyi, şərəfi, qüruru, əzmi və sonsuz Vətən sevgisidir. Biz bu gün qələbə çalmış bir xalqın övladları olaraq fəxr edirik ki, belə bir orduya sahibik.