
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, cari ilin 12-14 may tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin təşkilatçılığı ilə VI Daşkənd Antikorrupsiya Forumu və Asiya İnkişaf Bankı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Asiya və Sakit Okean regionu üzrə Korrupsiyaya qarşı Mübarizə Təşəbbüsü çərçivəsində “Asiya və Sakit Okean regionunda dürüstlüyün təşviqi və korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət və özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda regional seminar keçirilib.
Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının, habelə BMT, Asiya İnkişaf Bankı, OECD və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi hər iki tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev, Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Elşən Orucov və İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Murad Əzimov təmsil edib.
Forumda çıxış edən İsfəndiyar Hacıyev iştirakçılara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan müasir yanaşmalar, dövlət orqanlarında aparılan rəqəmsallaşma prosesi, xüsusilə də “Elektron Prokurorluq İnformasiya Sistemi”nin (EPİS) imkanları, korrupsiya müraciətlərinin elektron qaydada qeydiyyatı və nəzarəti ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Bundan əlavə, “Asiya və Sakit Okean regionunda dürüstlüyün təşviqi və korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət və özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən seminar çərçivəsində Murad Əzimov texnologiyanın sürətli inkişafı fonunda istintaq təcrübəsində yaranan yeni çağırışlar və praktiki çətinliklər barədə iştirakçılara məlumat verib, Elşən Orucov isə hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda açılış nitqi ilə çıxış edib, həmçinin müvafiq sessiyada moderator qismində iştirak edib.
Nümayəndələrimiz tədbirlər zamanı iştirakçılar tərəfindən verilən sualları cavablandırmaqla müzakirələrdə iştirak edib, həmçinin, digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər.
"KORRUPSİYAXƏBƏR"