Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Mədəniyyət » Toylardan yarım saata minlərlə manat qazanırsınız, düşün dövlətin yaxasından

Toylardan yarım saata minlərlə manat qazanırsınız, düşün dövlətin yaxasından

19 noy 2025, 16:31, korrupsiya
0 şərh    3 Baxılıb

 

Neçə gündür Mədəniyyət Nazirliyinə müğənni ordusu hücum edir. Sanki Bastiliyanı alacaqlar. Amma inanmıram ki, müğənnilərin əksəriyyəti Bastiliya qalasının tarixdə, dünya mədəniyyətində hansı dəyərə malik olmasını bilsinlər. Bilsə də üç-dörd nəfər olar, ya yox. Yoxa lənət deyib, keçirəm əsas məsələyə.

Heç kimə sirr deyil ki, yerli müğənnilər toy məclislərində yarım saata orta statistik azərbaycanlının 3-4 aylıq maaşını alıb aparırlar. Özü də vergisiz. Nə tibbi sığorta ödəyirlər, nə ƏDV, nə də başqa vergiləri. Danışanda da, hamısı "mən xalqa xidmət edirəm" deyib adamın üstünə çımxırır.

Əslində isə bəzənib-düzənib, yüzminlik avtomobilində toya gəlir, insanları əyləndirib pulunu alır. Əgər bu xidmətdirsə, o zaman Murov dağında, Naxçıvanın sərhədində xidmət çəkənlərə nə ad verək? Gecə-gündüz növbədə olan həkimlərə nə deyək? Təcili Tibbi Yardım avtomobilini idarə edən sürücüyə nə ad verək?

Deməli bu xalqa xidmət deyil, sadəcə pul qazanmaqdır.

Heç nə demirəm, elə istənilən ortabab müğənninin sosial şəbəkə hesabına girib baxanda, görürsən ki, bahalı mülkləri, avtomobilləri, qır-qızılları bərq vurur. Gəl ki, dövlətin yaxasından düşmürlər. Yenə də dövlət müğənnilərə borclu qalır.

Mədəniyyət Nazirliyi deyir ki, bizim müxtəlif tədbirlərimiz olur və həmin tədbirin səviyyəsinə uyğun olaraq ora musiqiçi kontingenti müəyyən olunur.

Elə bil gedirik Böyük Britaniyaya mədəniyyət günləri keçirməyə. Sizcə bu tədbirə kim getməlidir?

Şıllaq atan, səsi olmayan, mikrofona danışan "müğənnilər", yoxsa hər əlinə dəf alıb, "mən muğam ifaçısıyam" deyənlər?

Bu, nəyin davasıdır?

İllərdir Azərbaycan mədəniyyətini layiqincə təmsil edən sənətkarlar var. İfası, məktəbi, sənəti bir yana. Danışanda, oturub-duranda mədəniyyətinə valeh olursan. Elə Xalq artisti Mənsum İbrahimov. Səhnədə duruşu belə mədəniyyətdir.

İndi Mədəniyyət Nazirliyi olmasın, siz olun. Belə sənətkarı qoyub, dünən əlinə dəf alanı aparasınız tədbirə? Dəf almağı cəhənnəm, danışığını, özünü idarə etməyi bilməyən bir vaqon adamı niyə xarici səfərlərə aparsınlar?!

Onsuz da özümüz tanımaqdan məmnun deyilik, bir də başqa xalqlara göstərək? Vallah abrımızı elə Mədəniyyət Nazirliyi örtür. Çölə-bayıra çox buraxmır bəzilərini.

Deyirəm bir dənə fağır Mədəniyyət Nazirliyi var, gedən də vurur, gələn də.

Hamı da deyir ver! Fəxri ad ver, dövlət tədbirinə sal, xarici səfərlərə apar.

Yəni əksəriyyətinin dərdi budur. Ən diqqətçəkən məqam isə müğənni Xatirə İslama verilən cavab oldu.

Xatirə İslam daş atıb, başını tutdu ki, "mən Xankəndidə doğulmuşam, sənətim də göz qabağında. "Xankəndi" əsərim də milyonların dilində. Niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam?"

Sağ olsun, jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı, nöqtə atışı ilə öz cavabını verdi:

"Bir il ərzində (Xankəndidə işlədiyim müddətdə) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burada keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da, müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm.

Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz?"

Afət xanım, sizi alqışlayıram. Nə gözəl sözünüzü çəkinmədən dediniz! Necə deyərlər yalançını evinə kimi qovmaq lazımdır!

Əslində isə əsl sənəti olanlar, həqiqətən də mədəniyyətlə məşğul olurlar. Niyyətləri mədənidir, daha fəxri ad, dövlət tədbirləri deyil.

Özü də bu gün necə də asandır sənətini, səsini dünyaya tanıtmaq.

Bir müddət əvvəl "Ay Yola" başqırd qrupunun "Homay" mahnısı sosial şəbəkələrdə fenomen oldu. Bütün dünyaya yayıldı. Mahnı qədim başqırd dastanı "Ural-Batır"da təsvir olunan mifik quş-qadın obrazından danışır. Mahnının motivi, istifadə olunan musiqi alətləri, kompozisiyası başdan-başa türk və türkçülüyü ifadə edir. Əsl keyfiyyət və mədəniyyət budur. Heç bir Mədəniyyət Nazirliyinə də ehtiyac yoxdur.

İstedadın varsa, bu meydan, bu da şeytan.

Yoxsa ki, Mədəniyyət Nazirliyi bizə kömək etsin!

Niyə nazirlik kiməsə kömək etməlidir? Toya gedirsən, pul qazanırsan. Get mahnı yazdır, klip çəkdir, sosial şəbəkələrdə ödənişli reklama qoy, işini gör.

Mədəniyyət Nazirliyinin işi müğənnilərlə ağız-ağıza vermək deyil. Mədəniyyət Nazirliyinin işi mədəniyyət siyasətini idarə etmək, digər dövlətlərlə mədəni əlaqələri qurmaq, Azərbaycanın yumşaq gücünü formalaşdırmaqdır.

Daha toya gedən müğənnilərə "kömək" etməli deyil. Ümumiyyətlə, ad vermək məsələsini də bitirmək lazımdır. Sovetin ənənələrindən qurtulmaq lazımdır.

Bəziləri mən fəxri ad almışam adı altında min hoqqadan çıxır, söz də deyə bilmirsən.

Əlqərəz, Mədəniyyət Nazirliyində də günah az deyil. Vaxtında bəzi "müğənnilərə" yerini göstərsəydi, bu gün hörmətli olardı. Tələbləri yüksək qoysaydı, hər yoldan keçən də, Mədəniyyət Nazirliyini borclu çıxarmazdı. Korrupsiya elementlərini görüb-eşidən kimi, məsələni kökündən kəssəydi, bu gün heç kimin yanında gözükölgəli olmazdı. Ortada fırlanan "dəllal-maklerlərin" ipini çəksəydi, bu gün haqlı olduğu halda haqsız vəziyyətə düşməzdi, qurumunun adı qara söhbətlərdə hallanmazdı.

Ümumiyyətlə şəffaf işləmək elə şeydir ki, heç kim səni heç nədə ittiham edə bilmir. Necə deyərlər, düz həmişə əyrini kəsir. Ona görə də hər yerdə sözünü deyə bilmək üçün gərək ən vacib şərtin, düzlüyün olsun. Onda dilin də uzun olur, hər kəsə də yerini göstərə bilirsən.

Ümumiyyətlə, hər kəsə yerini göstərmək lazımdır.

Toyda özünü apara bilməyən, ev yiyəsi tərəfindən döyülən bəzi "müğənnilər" elə toyda qalmalıdır. Necə deyərlər paslı vedrə, büllur qab ola bilməz!

Şərhlər