
Azərbaycan Respublikası, "Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Abşeron Binə Peşə Liseyi" nin xadiməçisi Şirinova Aygül Mali qızı, işlədiyi liseydə hüquqlarının kobudcasına pozulduğunu və pozulmuş hüquqlarını tələb etdiyi zaman direktor və direktor müavinləri tərəfindən təhdidlərə və təhqirlərə məruz qaldığını bildirib.
Bu barədə "KORRUPSİYAXƏBƏR"ə müraciət edən Şirinova Aygül Mali qızı, pozulmuş hüquqlarının bərpası üçün ölkə rəhbəri cənab İlham Əliyev başda olmaqla, hüquq-mühafizə orqanlarına ünvanlamış olduğu müraciət məktubunun mətninin ictimailəşməsini və eləcə də tərəfimizdən də rəsmi məlumat məktubunun göndərilməsini xahiş etmişdir.
Vətəndaşın xahişini nəzərə alaraq, tərəfindən hüquq-mühafizə orqanlarına ünvanlanmış müraciət məktubunun mətnini təqdim edirik.
Onu da qeyd edirik ki, vətəndaşın digər bir xahişini də nəzərə alaraq, aidiyyatı orqanlara tərəfimizdən rəsmi məlumat məktubu ünvanlayacağıq.
Müraciət məktubu!
Azərbaycan Respublikası nın prezidenti cənab İlham Əliyevə:
Surəti: Azərbaycan Respublikasının baş naziri Əli Əsədova:
Surəti: Azərbaycan Respublikasının Milli Məclisin sədrinə:
Surəti: Azərbaycan Respublikasının DTX-nin rəisi cənab Əli Nağıyevə:
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə:
Surəti: Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:
Surəti: Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənova:
Surəti: Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rəisinə:
Surəti: Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) hörmətli Səbinə Əliyevaya:
Azərbaycan Respublikası,"Elm və Təhsil Nazirliyi
Yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki
Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin
"Abşeron Binə Peşə Liseyi" nin xadiməçisi Şirinova Aygül
Mali qızı tərəfindən:
Müraciət
Hörmətli, möhtərəm, cənab prezident!
Hörmətli rəhbərlər!
Mən bir Azərbaycan Respublikasının vətəndaşı, bir Azərbaycan xanımı kimi Sizi fürsətdən istifadə edərək, əvvəlcə özümün ailəmin və ailə üzvlərimin adından salamlayıram. Salamımdan sonra da son ümid yerimizin Sizlər olduğunu, Sizə sığındığımızı bildirib, səmimiyyətimlə təşəkkür edirəm və narahatçılıq verdiyimə görə əvvəlcədən üzr istəyirəm.
Hörmətli, möhtərəm, cənab prezident!
Hörmətli rəhbərlər!
Mən bu məktubu yazaraq, Sizi narahat etməyim mənə də xoş deyil! Sadəcə həddindən artıq narahatçılıq keçirdiyim və narahat həyat tərzi yaşadığım üçün məcbur qalıb, Sizdən kömək istəmək qərarına gəldim.
Belə ki, mahiyyəti üzrə bildirmək istəyirəm ki, mən, 14-15 ildir ki, Abşeron Binə Peşə Liseyində xadiməçi vəzifəsində işləyirəm. 2024-cü ildə mənə məlum oldu ki, mənim işlədiyim liseydə ştatda bir-neçə xadiməçi olsa da, adları qeydiyyatda olub da evində oturub əmək haqqı alanlar da var imiş. Yəni, evində oturan şəxsin işlərini də bizə yükləyiblər. Həmin bu faktla bağlı mən direktor müavini Nizami müəllimə məlumat verdim və haqqımı tələb etdim ki, mənim digər şəxsin əvəzinə gördüyüm işlərin əmək haqqını verin. Mövzunu çox uzatmadan bildirim ki, direktor müavini Nizami müəllim, Həmkarlar Təşkilatının sədri Əliağa müəllim, Təsərrüfat işləri üzrə direktor müavini Alı müəllim birləşərək, məni iş yoldaşlarım içərisində nüfuzdan saldılar. Mən hüquqlarımı tələb etdikcə, mənim Ruhi əsəb xəstəsi olduğumu bildirdilər. Bundan əlavə mənim barəmdə şiddətli töhmət elan edərək, həmin elanın nüsxəsini məktəbdəki şərəf lövhəsinə asdılar. Mən bütün bu olanlara bağlı direktor Fizuli Talıbova müraciət etdim, necə deyərlər: "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış"! Fizuli müəllim tərəfindən də yüksək səviyyədə təhqir və təhdidə məruz qaldım. Fizuli müəllim də iclas zamanı məni dinləmədən bildirdi ki, polis çağırın, bunu Maştağaya 1 saylı Ruhi əsəb dispanserinə göndərin. Həmçinin mən bütün olub keçənlərlə bağlı aidiyyatı orqanlara müraciət edəcəyimi dedikdə, Alı müəllim mənim özümün və ailə üzvlərimin həyatını təhlükədə qalacağı xəbərdarlığını edərək, ilk öncə mənim övladımın hansı hərbi hissədə hərbi xidmət etdiyini soruşdu, və mənə dedi ki, oglun da əsgərdədir, (hərbi xidmətdədir, Fizuli müəllim, sıradan biri deyil haa! Onunla çiling-ağac oynama! O, generalın qohumudur. Mən də əvvəlcə dedim ki, fərq etməz, kim olur-olsun mən hüquqlarımı tələb edirəm. Dedi ay qız, sənin uşağının taleyi onun əlindədir. Onun general qudası, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir. Bir də knopkanı basar, onunla da hər şey həll edilər. Ağıllı ol, işini gör! Yəni ki, hüquqlarını tələb falan, başını burax dedi. Mən bütün bunlara baxmayaraq, aidiyyatı orqanlara müraciət etdim. Mən, Xəzər rayon prokurorluğuna dəvət edildim. Burda da prokurorluğun müstəntiqi mənimlə elə davrandı ki, guya ki, günahkar mənəm. Mənə məlum oldu ki, müstəntiq, müstəntiq deyil, Liseyin hüquq müdafiəçisidir. Məni müstəntiq də qorxutdu. Bundan sonra çəkilib sakit durdum. Həmçinin də həmin ərəfədə Nizami müəllim, Əliağa və Alı müəllim də məndən xahiş etdilər ki, sən şikayətçi olma, yəni şikayətin əsasında aparılan icraata xitam verilməsi barədə xahiş ərizəsi yaz, biz də sənin istədiyin o mənimsənilən zəhmət haqların ki, var, onu bir dəfəyə olmasa da, qısa müddətdə hissə-hissə ödəyəcəyik. Tam bir il gözlədim, mənə heç bir məbləğdə ödəmədilər.
Odur ki, mənim müraciətim əsasında tam, obyektiv, qərəzsiz, doğru -dürüst və hərtərəfli araşdırma aparılmaqla, pozulmuş hüquqlarımın bərpasında yüksək səviyyədə köməklik göstərməyiniz Sizdən xahiş edirəm. İnanın mən bütün bu təhdidlərdən, hədə-qorxulardan hədsiz narahatam. Ozümün təhlükəsizliyim bir yana, hərbi xidmətdə olan övladımın təhlükəsizliyi məni narahat edir. İnanın səmimiyyətimə, hədsiz dərəcədə qorxuram, evdəki, usağımı çolə çıxmasından qorxuram. Deyirəm ki, oğlum, təklik olan yerdə gəzmə, ciblərini möhkəm saxla, birdən hər hansı bir narkotik tərkibli maddələr saıb şərləyərlər. Həmçinin özüm də işə gedəndə-gələndə qorxa-qorxa gedib gəlirəm, işdə də qorxa-qorxa işləyirəm. Axşam, həyətin və evin qapısını bağlasam da yenə narahat yatıram. Nəticə etibarı ilə bütün bu təhlükəsizliyimin təminində və pozulmüş hüquqlarımın bərpasında Sizdən imdad diləyib, Son ümidimin Siz olduğunu diqqətinizə çatdırıb, nəzərə almağınızı xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm
İmza: Şirinova Aygül Mali qızı
Tarix: 15.11.2025
"KORRUPSİYAXƏBƏR"